Xəbər lenti



Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Edaletyolu.az xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 24-də Bakı şəhərində və 2021-ci il fevralın 11-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam Əməkdaşlıq Təşkilatına bildiriş göndərməlidir.

 



Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. 

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bu il Ramazan ayı aprelin 14-ə təsadüf edir. Niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür. 

Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 1 may (Razamanın 18-ci günü), 3 may (Ramazanın 20-ci günü), 5 may (Ramazanın 22–ci günü) və 9 may (Ramazanın 26-cı günü) tarixlərinə təsadüf edir. 

 

Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.



"Bu görüş üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm, cənab Prezident. Mən təşkilatçılara Sizə sual vermək məqsədilə məni buraya dəvət etdikləri üçün minnətdarlığımı ifadə etmək istəyirəm. İcazə verin, regional əməkdaşlığa qayıdaq. Müharibə bitəndən sonra Türkiyə Prezidenti Ərdoğan Bakını ziyarət etmiş və bir daha 3+3 formatı kimi məlum olan regional əməkdaşlığı qeyd etmişdir. Bu əməkdaşlıq on ildən çoxdur ki, mövcuddur. Hesab edirəm ki, o, bu məsələnin qaldırılması üçün düzgün vaxtın olduğunu düşünürdü".

Edaletyolu.az xəbər verir ki, bunu Gürcüstanın Strateji Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi, ictimai yayımçı George Qvimradze ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

O, diqqəti bu əməkdaşlığa və bu əməkdaşlığın perspektivlərinə, xüsusilə bu formatın bir potensial iştirakçısına yönəldib: "Mən Gürcüstanı nəzərdə tuturam. Siz əvvəl qeyd etmişdiniz ki, region ölkələrindən olan həmkarlarınızla regional əməkdaşlıq perspektivlərini müzakirə etmisiniz. Sizcə Gürcüstanın bir tərəfdən Rusiya ilə çox mürəkkəb münasibətlərinin olması, digər tərəfdən isə Qərbə inteqrasiya etmək arzularını nəzərə alaraq, Gürcüstan bu növ layihələrdə, əməkdaşlıqda nə dərəcədə iştirak edə bilər? Biz bilirik ki, regional güclərin Qərblə münasibətləri pisləşməkdə davam edir".

Prezident İlham Əliyev bu məsələni Gürcüstanın Baş naziri ilə müzakirə etməli olduğunu, lakin Baş nazirin koronavirusa yoluxması səbəbindən alınmadığını bildirib: "Mən ona möhkəm cansağlığı və tezliklə sağalmağı arzulayıram. Onun səfəri aprelin 12-nə nəzərdə tutulmuşdu. Lakin əlbəttə ki, o, koronavirusa yoluxduqdan sonra səfər təxirə salındı. Buna görə mənim onunla bu məsələ ilə bağlı birbaşa danışmaq fürsətim olmayıb. Lakin sağalan kimi biz onun səfərini gözləyəcəyik. Ancaq digər qonşularla, Prezident Ərdoğanla, Prezident Putinlə mən bunu açıq şəkildə müzakirə etmişəm və Azərbaycan və İran rəsmiləri arasında da çox yüksək səviyyədə müzakirələr olub. Mən bizim yanaşmamızda heç bir fərqin olmadığını görürəm. Azərbaycan, Türkiyə, Rusiya, İran regional əməkdaşlıqla bağlı eyni yanaşmanı bölüşür və indi əsas diqqət nəqliyyat sahəsinə yönəlib. Çünki bu vəziyyətdə uduzan tərəf yoxdur. Bundan hamı udur. Ermənistan da səssiz olaraq qoşulub, lakin açıqlamalarda onlar qoşulmadıqlarını deyirlər. Onlar bu xəstəliyi, azərbaycanofobiya və türkofobiyanı müalicə etməlidirlər. Beləliklə, bu əməkdaşlığın ölkələr üçün hansı üstünlüklərinin olması çox aydındır. Hesab edirəm ki, Ermənistan da bu üstünlüyün böyük bir payını əldə edən ölkə olacaq, çünki bu gün onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur, İranla dəmir yolu bağlantısı yoxdur. Ermənistandan İrana dəmir yolunu inşa etmək üçün bir qeyri-real plan var idi. Lakin düşünürəm ki, onlar hesablamalar aparıb bunun 3 milyard dollara başa gələcəyini anladılar. Yaxşı layihədir, lakin onun pulunu kim ödəyəcək? Bu, sualdır. Beləliklə, onlar bu layihədən artıq vaz keçdilər.

Hesab edirəm ki, Gürcüstan üçün Rusiya dəmir yolları ilə bağlantı yaratmaq baxımından istənilən imkan real deyil və siz bunun səbəbini məndən yaxşı bilirsiniz. Azərbaycan ərazisindən də bu, mümkün deyildi. Beləliklə, əgər bu layihə baş tutsa, Ermənistanın dəmir yolu ilə Rusiyaya, İrana və potensial olaraq Türkiyəyə çıxışı olacaq. Bu, əlbəttə ki, ölkənin inkişafı üçün əlavə imkanlar yaradacaq. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Buna baxmayaraq, Türkiyə ilə bizim artıq Gürcüstan ərazisindən bağlantımız var - Bakı-Tbilisi-Qars. Rusiyanın Azərbaycan, Ermənistan ərazilərindən Türkiyə ilə əlavə bağlantısı olacaq. İranın da Ermənistanla bağlantısı olacaq. Bu, İrandan Rusiyaya Cənub-Şimal nəqliyyat dəhlizinin də bir hissəsi ola bilər. Çünki siz də yəqin bilirsiniz ki, İran ərazisində dəmir yolunun sonuncu seqmenti olan Astara-Rəşt tikilməyib. Orada işlər gedir. Lakin biz Ermənistanla sərhədimizə dəmir yolu bağlantısını növbəti iki ilə, maksimum iki il yarıma inşa etməyi planlaşdırırıq. Bu, dəqiq tikiləcək. Çünki biz artıq büdcə ayırmışıq və işlər başlayıb. Bu işlər və Zəngəzurun da 40 kilometri bitənə kimi. Lakin bu Rusiya dəmir yolu tərəfindən həyata keçirilməlidir. Buna da səbəb odur ki, Ermənistan dəmir yolları Rusiya dəmir yolları şirkətinə məxsusdur. Bizə artıq onların bunu etməyi planlaşdırdığı ilə bağlı məlumat verilib. Beləliklə, bu, Ermənistan, Naxçıvan, Zəngilan və sair ərazilərdən keçən Cənub-Şimal dəhlizidir. Bunlar açıq-aydın üstünlüklərdir və biz bu istiqamətlərdə çalışmalıyıq.

Gürcüstanın ehtiyat etməsi ilə bağlı eşitmişəm, mən bu haqda heç nə söyləyə bilmərəm. Mən Baş nazirlə danışmalıyam, onun mövqeyini dinləməliyəm. Lakin bizim üçün Gürcüstan təkcə strateji tərəfdaş deyil, həm də qardaş və çox yaxın ölkədir. Bu gün Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli rol oynayır. Beləliklə, hesab edirəm ki, əməkdaşlığın müvafiq formatını tapa bilərik, bizim niyyətimiz belədir.

Qərb ölkələri və bəzi regional ölkələr arasında gərginliklərə gəldikdə, bu, yeni bir şey deyil. Münasibətlərin pisləşməsi, tənəzzül dövrləri həmişə olub, lakin bizim regionda bu, daimi xarakter daşıyır. Odur ki, biz buna alışmışıq. Düşünmürəm ki, bu növ anlaşılmazlıq və ya qarşıdurmalar, yaxud da nəsə bizim planlarımıza ciddi zərbə vursun. Biz hamımız bəzi Qərb tərəfdaşlarımızın Bakı-Tbilisi-Qarsın inşasına qarşı çıxış etdiyini və Ermənistanı bu layihəyə cəlb etmək üçün cəhd etdiklərini yaxşı xatırlayırıq. Burada məqsəd yolun Gürcüstandan yox, Ermənistan ərazisindən keçməsinə nail olmaq idi. Mən Azərbaycan Dövlət Neft Şirkətində işləyəndə Qərb tərəfdaşlarının boru kəmərinin Gürcüstan ərazisindən yox, Ermənistan ərazisindən keçməsini təşviq etdiyini xatırlayıram. Bütün bunlara şahid olmuşam və bu proseslərdə iştirak etmişəm. Bu kəmərin inşasının necə çətin ərsəyə gəlməsinin də şahidiyəm. Çünki buna görə Dünya Bankı bir il ərzində maliyyələşməni dayandırmışdı. Lakin bu, nəyisə dəyişdi? Xeyr. İndi də heç nəyi dəyişməyəcək. Buna görə hesab edirəm ki, bu layihəni dəstəkləməyənlər qoy, dəstəkləməsinlər. Bizim buna etirazımız yoxdur. Lakin hesab etmirəm ki, hər hansı bir müdaxilə, qarşımızı almaq cəhdləri uğur qazanacaq. Buna görə bütün tərəddüd edənləri bu prosesin iştirakçıları olmağa dəvət edirəm, çünki bu, Avropaya əlavə dəhliz ola bilər və əslində, Türkiyə ərazisindən Avropaya gedəcək. Hər kəs bundan faydalanacaq. Bakı-Tbilisi-Qarsa qarşı çıxış edənlər bu gün bizə ona görə minnətdardırlar. Hesab edirəm ki, bu da onun kimi olacaq. Lakin biz, əlbəttə ki, bu məsələ ilə bağlı Gürcüstanın ehtiyat etdiyi istənilən məsələləri nəzərə alacağıq".

 


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

 

Edaletyolu.az xəbər verir ki, dövlətimizin başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib. Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.

Görüşdən fotoları təqdim edirik.



“Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilməyib. Biz bu mərasimi yeni bulvarda keçiririk. Yeni bulvar mənim təşəbbüsümlə bir neçə il əvvəl salınıb və yeni bulvarın uzunluğu 12 km-dir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 km-dir”.

Edaletyolu.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirib.

Dövlət başçısı bildirib ki, bu bulvarın salınması dövlətimizin qüdrətini, xalqa olan qayğını göstərirdi: “Bu, yenilik idi, inkişaf idi. Bu, bizim gücümüzün təzahürüdür. İkinci Qarabağ müharibəsi də bizim gücümüzü, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini apardıq. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilib ki, dünyanın aparıcı ölkələri, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya və digər inkişaf etmiş ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamı qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq. Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, biz lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə burada bu təntənəli mərasimin keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc əsas faktorlardır. Bir də Vətən sevgisi. Çünki bu bulvarın ərsəyə gəlməsinin də təməlində Vətən sevgisi durur. Çünki bu zona əvvəllər sənaye zonası idi. Burada bir çox köhnəlmiş, sıradan çıxmış, köhnə müəssisələr fəaliyyət göstərirdi. Bütün bu ərazi təmizləndi, yeni bulvar salındı və sağ tərəfdə olan boş yer də təmizlənib sərəncama götürüldü”.



Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 29 il ötür.

Edaletyolu.az-ın məlumatına görə, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.

Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

 

Bu gün "Vətən Müharibəsi Əlillərinə Kömək"  İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev və Birliyin icraçı direktoru Zamin Zeynal Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə xanım Paşayeva ilə görüşdü.


 

Edaletyolu. az-ın məlumatına görə “VMƏK”İB-in idarə heyyəti fəalları Millət vəkili Qənirə xanım Paşayevanın 44 günlük vətən müharibəsi dövründə, torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə müzəffər ordumuzun ön sıralarında fədakarcasına xidmət göstərərək Ali Baş Komandan cənab İlham Əliyevin hərbi qulluqçularla bağlı əmir və tapşırıqlarını layiqincə yerinə yetirərək xalqımıza qələbə zəfəri bəxş etmiş Şəhidlərə, Şəhid ailəri və Qazilərə göstərdiyi diqqət və qayğı ilə yanşı milli, vətənpərvər ruhlu fəaliyyətinə görə Birliyin sədri Qurban Məmmədovun adından fəxri diplom və xarı bülübün simvolu ilə yanaşı Azərbaycan xəritəsinin də yer aldığı hədiyyəni iltifatla təqdim etdilər.

Görüş zamanı Komitə sədri ilə milli, mədəni, vətənpərvər ruhunda qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edərək bu cür ictimai əhəmiyyətli görüşlərin, birgə vətənpərvər təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışıdılar.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla idarə heyyətinə ona göstərilən diqqətə, vətənpərvər və fədakar fəaliyyətə görə təşəkkürünü bildirdi.

Qeyd edək ki, görüşün sonunda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə xanım Paşayeva Birliyinin idarə heyyətinin fəallarına hədiyyələr təqdim etdi.



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur.



"Digər önəmli məsələ azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik". 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilib: "Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirib. Onun təşəbbüsü ilə bu su anbarları tikilib ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Sərsəng su anbarının əsas məqsədi, funksiyası sadaladığım və digər rayonlarımıza suyun verilməsi idi. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilirdi, eyni zamanda, Suqovuşandan da. O daha kiçikhəcmli su anbarıdır. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə subartezian quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək.

 

Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Artıq mənim göstərişimlə oraya qruplar ezam edilmişdir. Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Əlbəttə ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Azad olunmuş torpaqlara vətəndaşlarımız qayıdandan sonra əlbəttə ki, bu, onlar üçün əlavə imkanlar yaradacaq".



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Edaletyolu.az xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Siz Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilirsiniz. Bu sahə prioritet sahələrdən biridir. Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır. Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülmüşdür. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda, mənim təşəbbüsümlə bir neçə böyük su anbarı inşa edilmişdir. Əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Eyni zamanda, içməli su təminatı da Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən həmişə diqqət mərkəzində olmuşdu. Cəmiyyət ölkəmizdə bir neçə içməli su layihəsini də icra etmişdir.

Bildirməliyəm ki, mənim təşəbbüsümlə inşa edilmiş Taxtakörpü su anbarı, eyni zamanda, suvarma işləri ilə bərabər, Bakının da içməli su ilə təmin edilməsində önəmli infrastruktur obyektidir. Çünki Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratmışdır. Əgər biz son iki ilin quraqlığını nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edilmişdir. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir. Artıq bu, özünü kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında göstərir.

Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər, biz əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmamazlıqlar var. Bunlar aradan qaldırılmalıdır. Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi.

Bu gün biz kənd təsərrüfatının müxtəlif sahələrində bu siyasətin təzahürlərini görürük. Bizim bəzi iri fermer təsərrüfatlarımızda, taxılçılıqla məşğul olan təsərrüfatlarda məhsuldarlıq bir hektardan 50, 60, hətta 70 sentnerə çatır. Bu, Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğundur və ona bərabərdir. Burada əlbəttə ki, təkcə suvarma işləri yox, eyni zamanda, digər tədbirlərin də xüsusi çəkisi var. Ancaq suvarma olmadan məhsuldarlıqdan söhbət gedə bilməz.

Biz son illər ərzində Azərbaycanda pambıqçılıq sahəsini demək olar ki, dirçəltmişik. Təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və ölkədə cəmi 20-30 min ton pambıq yığılırdı. Görülmüş tədbirlər nəticəsində biz keçən il rekord göstəriciyə nail olduq – 330 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çoxdur. Yəni, əgər sovet dövrünün ən uğurlu illəri ilə müqayisə etsək, deyə bilərik ki, ancaq sovet dövründə cəmi iki ildə hektardan məhsuldarlıq 33 sentnerdən çox olmuşdur. Yəni, bütün bunların təməlində məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq.

Biz indi ərzaq təhlükəsizliyimizi təmin etmək üçün əməli addımlar atırıq. Ölkəmizin imkanları, gözəl iqlim, bir neçə iqlim zonasının mövcudluğu bizə imkan verir ki, bir çox məhsullar Azərbaycanda yetişdirilsin. Məhsuldarlığın artırılması əlbəttə ki, bu işlərə daha böyük təkan verəcək. Biz nəzərə almalıyıq ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, tələbat artır, əhali artır. Sovet İttifaqı dağılanda Azərbaycan əhalisi 7 milyon idisə, bu gün 10 milyondan çoxdur. Deməli, istehlak artır. Daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün əlbəttə ki, qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır. Təbii ki, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan biz hər hansı bir uğurdan söhbət apara bilmərik. Əldə edilmiş nailiyyətlərlə əlaqədar çox danışmaq olar, mən, sadəcə, əsas məqamları qeyd etmişəm.

Eyni zamanda, sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir.

Kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək.

Bir müddət bundan əvvəl bu məsələ araşdırılarkən göstəriş vermişdim ki, yeni kiçik su anbarlarının yaradılması ilə bağlı təkliflər hazırlanıb təqdim olunsun. Belə təkliflər verildi. Mən prinsip etibarilə bu təklifləri təsdiqlədim və 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Siz bir daha bu məsələlərə baxın, bu məsələləri təhlil edin. Çünki hər bir su anbarının tikintisi böyük vəsait tələb edir. Ondan sonra kanallar çəkilməlidir, digər tədbirlər görülməlidir. Bütün bu vəsait dövlət büdcəsi tərəfindən təmin edilir. Ancaq biz baxmalıyıq ki, bu sahəyə qoyulan vəsait nəticə ilə nə qədər uzlaşır. Qoyulmuş bu vəsaitin müqabilində biz hansı nəticəni əldə edirik və edəcəyik. Çünki bu, düzgün hesablanmasa, bizim işimiz heç vaxt səmərə verməyəcək. Bu sahənin inkişafı dövlətin özəl sektora göstərdiyi növbəti qayğının təzahürüdür. Çünki dövlət bütün xərcləri öz üzərinə götürür ki, fermerlər, kəndlilər daha yaxşı məhsul götürsünlər, özləri üçün daha yaxşı şərait yaratsınlar, onların həyat səviyyəsi qalxsın. Nəzərə alsaq ki, kənd təsərrüfatı sahəsində fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar, bu sahənin inkişafı, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bu, Azərbaycanda artıq bir növ sosial sahə kimi qəbul olunur. Ancaq əgər biz inkişaf etmiş ölkələri götürsək görərik ki, orada belə deyil – suyun hər bir litri hesablanır, hər yerdə sayğaclar qoyulur, uçot düzgün aparılır və qoyulmuş investisiyanın müqabilində hansı nəticə əldə olunacaq bəri başdan hesablanır. Bizdə də belə olmalıdır.

Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir. Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir. Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır.

Çatışmazlıqlar çoxdur və siz indi fəaliyyət dövrünüzdə əlbəttə ki, bütün bu işləri təhlil edəcəksiniz. Yenə də deyirəm, bu sahə prioritet sahə olaraq qalır və qalacaq. Ancaq burada yeni yanaşma olmalıdır, müasir tələblərə uyğun yanaşma. Hesab edirəm ki, siz bütün bu məsələləri qısa müddət ərzində bir daha təhlil edib, konkret təkliflər paketi ilə çıxış edəcəksiniz.

Digər önəmli məsələ azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir. Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirmişdir. Onun təşəbbüsü ilə bu su anbarları tikilmişdir ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Sərsəng su anbarının əsas məqsədi, funksiyası sadaladığım və digər rayonlarımıza suyun verilməsi idi. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilirdi, eyni zamanda, Suqovuşandan da. O daha kiçikhəcmli su anbarıdır. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə subartezian quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək.

Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Artıq mənim göstərişimlə oraya qruplar ezam edilmişdir. Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Əlbəttə ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Azad olunmuş torpaqlara vətəndaşlarımız qayıdandan sonra əlbəttə ki, bu, onlar üçün əlavə imkanlar yaradacaqdır.

Bununla paralel olaraq, azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var. Biz bundan da məhrum idik. Bu gün azad edilmiş torpaqlarda formalaşan çaylarımız bizim əsas çaylarımızdır. Tərtərçay Kəlbəcər rayonu ərazisində formalaşır. Amma mənfur düşmən bizi Tərtərçayın suyundan məhrum edirdi. Hətta Qarabağ bölgəsinə dəfələrlə səfərim zamanı mən bu problemlə maraqlanarkən görürdüm ki, bu, böyük problemlər yaradır. Misal üçün, Tərtərin suyunu tam kəsirdilər. Tərtərçay bir çox yerlərdə demək olar ki, qurumuşdu. İndi biz Tərtərçaya qayıtmışıq, onun mənbəyinə qayıtmışıq. Bazarçay - ona Bərgüşad çayı da deyirlər, Həkəri çayı, Oxçuçay – bir çox çaylar, 10-dan çox çay orada formalaşır. Onların potensialı təhlil edilməlidir. Çayların məcrası ilə bağlı düzgün təhlil aparılmalıdır, biz bu çaylardan necə səmərəli istifadə edək. Onların bir çoxu Araz çayına axır.

Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır. Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır.

Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq.

Yenə də deyirəm, son illər ərzində bu sahə mənim tərəfimdən həmişə prioritet sahə kimi qiymətləndirilmişdir və bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır. Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov deyib:

- Möhtərəm cənab Prezident, çox təşəkkür edirəm. Bu təyinat mənim üçün çox böyük şərəf, eyni zamanda, çox böyük məsuliyyətdir. Bu etimadınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm və Vətənimiz üçün, ölkəmiz üçün canla-başla çalışacağam.