Xəbər lenti



Rusiyanın Sankt-Peterburq şəhərində Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında görüş keçirilib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, görüş MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyası çərçivəsində baş tutub. 

V. Matviyenko bildirib ki, yaxın vaxtlarda COVID-19 əleyhinə 100 min dozadan çox “Sputnik V” peyvəndi Bakıya göndəriləcək. 

O, koronavirusa qarşı Rusiya peyvəndinin Azərbaycanda istehsalı məsələsinə baxıldığını da qeyd edib. 

“Bilirəm ki, aprel-may aylarında 100 min dozadan çox “Sputnik V” peyvəndinin göndərilməsi ilə bağlı razılıq əldə olunub. Yaxşı anlayırıq ki, pandemiyanı saxlamağın real yolu kütləvi vaksinasiyadır. Təkcə vaksin göndərməyə hazır deyilik, həm də bildiyim qədər Azərbaycanda vaksinin istehsalı məsələsinə də baxılır”, - deyə V. Matviyenko vurğulayıb.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın xarici işlər naziri Nikos Dendiası qəbul edib.

Edaletyolu.az-ın xəbərinə görə, bu barədə Yunanıstan XİN-in "Twitter" hesabında məlumat verilib.

 

saat 16:17

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ankaraya rəsmi səfər edib.

APA-nın yerli bürosunun CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunan naziri qəbul edəcək.

N. Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçirəcəklər.


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı ilə İrəvan arasında davamlı sülhə və mehriban qonşuluq münasibətlərinin qurulmasına istiqamətlənən təşəbbüsləri alqışlayır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, buna etibarlı əsas Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarıdır.

“Rusiya bundan sonra da bu cür prosesə hər bir yardımı etməyə hazırdır. Əlbəttə ki, həm Azərbaycan, həm də Ermənistan sadə olmayan qarşılıqlı etibarlı güvənin qurulması yolunun başlanğıcındadırlar. Qarşıda az olmayan çətinlikləri, maneələri aşmaq var. Cənubi Qafqazın sabitliyi, dayanıqlı iqtisadi inkişafı Rusiyanın bu regiondan olan bütün tərəfdaşlarının marağına cavab verir. Ümid edirik ki, praktiki işlərdə tərəflər ayırıcı xətlərə deyil, münasibətlərin normallaşmasına və inam atmosferinin yaradılmasına istiqamətlənən addımlara səy göstərəcəklər”, - deyə M. Zaxarova qeyd edib.



Rusiya və İran Qarabağdakı münaqişənin uzunmüddətli siyasi və diplomatik həllinə nail olmağın vacibliyini vurğulayıb və bölgə ölkələrinin bu prosesdəki rolunu nəzərdən keçiriblər.

Edaletyolu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz Rusiyanın atəşkəsin davamlı olmasını təmin edən vasitəçilik səylərini nəzərə alaraq Qarabağdakı vəziyyəti müzakirə etdik. Münaqişənin nəticələrinin aradan qaldırılmasının və ümumiyyətlə uzunmüddətli siyasi və diplomatik həllinin ədalətli əsasda əldə edilməsinin vacibliyini vurğuladıq və bölgə ölkələrinin bu prosesdə oynaya biləcəyi rolu nəzərdən keçirdik”, - deyə rusiyalı nazir qeyd edib.


Aprelin 9-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və digər qonaqlar iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təqdimatı keçirilən kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır. O, gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss olunur.

 

Günay Əfəndiyeva kitabın Qırğızıstanda da çap olunduğunu söyləyib. Nəşr qırğız oxucusunu müasir Azərbaycan poeziyasının nümunələri ilə tanış edir. Fondun da bu səpkidə fəaliyyəti iki xalqı bir-birinə yaxın etməkdən ibarətdir.

Mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, Leyla Əliyevanın müraciət etdiyi həssas mövzular və onun bədii təxəyyülü oxucusunu duyğulandırır, eyni zamanda, düşündürür. Leyla Əliyevanın yaradıcılığında əsl Azərbaycan qadınının, əsl türk xanımının duyğuları, hissləri, emosiyası müşahidə olunur.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib və bu, təkcə ölkəmiz üçün deyil, bütün türkdilli xalqlar da daxil olmaqla, dünya ədəbi irsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Çünki dahi Nizaminin yaradıcılığı türk-islam bədii təxəyyülünün ən parlaq nümunələrindən hesab olunur. Qeyd edilib ki, ötən ay Mədəniyyət Nazirliyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – TÜRKSOY-un qərargahında, həmçinin İstanbul şəhərində dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirlər təşkil edilib. Türk dövlətlərində, xüsusən də beynəlxalq təşkilatlar çərçivəsində bu cür tədbirlərin təşkili ortaq mədəni-mənəvi dəyərlərimizin təbliği baxımından müstəsna əhəmiyyət daşıyır.

“Türk xalqlarının ortaq mədəni-mənəvi dəyərlərinin qorunub saxlanması və geniş miqyasda tanıdılması sahəsində yarandığı vaxtdan etibarən TÜRKSOY-un böyük əməyi olub. Türk Mədəniyyəti və İrsi Fondu da öz tərəfindən qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən müxtəlif layihələrə imzalar atıb”, - deyə A. Kərimov vurğulayıb.

Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib ki, Leyla Əliyeva qələmə aldığı hər mövzuya özünəməxsus şair baxışı ilə yanaşır, gördüklərini azad baxışlarla poeziyaya çevirə bilir: “Gənc şairə təbiətə münasibətdə həssas hisslər nümayiş etdirir, gerçəkliklə zəngin bir xəyal arasında harmoniya yaratmağı bacarır. Dünyaya şair baxışı ilə baxaraq qitələri, meşələri, dağları, çayları, gölləri adlayır, həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, Leyla Əliyevanın yaradıcılığına yaxından bələddir: “Şairlər olduğu kimi görünən, göründüyü kimi də olan insanlardırlar: “Göründüyün kimi ol, olduğun kimi görün” düşüncəsi Leyla Əliyevanın elə şəxsiyyətində bütövləşib. Çünki digər insanlardan fərqli olaraq, şair və ya yazıçı öz ağrı-acısı ilə bərabər başqasının da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir. Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir”.

Türk Şurası baş katibinin müavini Sultanbek Raev bildirib ki, Leyla Əliyevanın “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunu qırğız dilinə tanınmış şairlər tərcümə edib: “İnsana elə gəlir ki, müəllif bu kitabda Allaha müraciət edir. Çünki hər bir insan qəlbində uca Tanrının yeri olduğu üçün onun səsini eşitmək istəyir. Allahın səsi, ifadəsi ilə müəllif sanki insanlarda ən ülvi hissləri oyatmağa çalışıb”.

Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibinin müavini Əli Yıldız, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Mehriban Zəkinin və Qırğızıstanın Xalq artisti Tinar Abdrazayevanın ifalarında “Tanrının səsini eşitmək istəyirəm” kitabından şeirlər səsləndirilib.

 
 
 


“44 günlük Zəfər müharibəsində Türk Şurası və Türk Şurasına üzv dövlətlər Azərbaycana öz dəstəyini göstərib”.

Edaletyolu.az-ın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi xatırladıb ki, Prezident İlham Əliyev Türk Şurasına üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığa Azərbaycanın öz səylərini əsirgəməyəcəyini vurğulayıb: “Ölkələrimiz arasında media və televiziya sahəsində əməkdaşlığın qurulması ilə bağlı qeydlər bundan əvvəl keçirilən görüşlərdə də vurğulanıb. Bu gün Bakı şəhərində bizim sayca 3-cü görüşümüz keçirilir. Dünən bir sıra sənədlər ətrafında müfəssəl müzakirələr aparılıb. Bu toplantımızda Macarıstan nümayəndə heyəti fəal şəkildə təmsil olunur. Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın layihələri artıq qəbul edilib. Pandemiyaya baxmayaraq, Türk Şurası öz çevikliyini göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Zirvə Görüşü bizim pandemiyaya ilə mübarizədə bizim çevikliyimizi göstərdi. Digər təşkilatlar hələ pandemiyaya uyğunlaşma dövrünü keçir”.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Edaletyolu.az-ın xəbərinə görə, səfiri salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab səfir, sizin fəaliyyət müddətiniz başa çatır, siz Türkiyəyə qayıdırsınız. İlk növbədə, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirmək istəyirəm.

 

Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir. Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir.

Sizin buradakı fəaliyyətiniz həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.

Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim.

X X X

Prezident İlham Əliyev “Dostluq” ordenini səfir Erkan Özorala təqdim etdi.

X X X

Səfir Erkan Özoral dedi:

- Çox təşəkkür edirəm. Çox sağ olun.

Cənab Prezident, məni bu şərəfə layiq bildiyiniz üçün Sizə çox təşəkkür etmək istəyirəm, minnətdarlığımı bildirirəm. Siz də dediyiniz kimi, mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimdir. Ankara mənim üçün nə qədər əzizdirsə, Bakı da eynidir mənim üçün. Bu sevginin nəticəsi odur ki, özümü çox bəxtiyar hiss edirəm. Çünki Azərbaycana gəlmiş və gələcək bütün türk səfirləri içində ən gözəl anlara şahidlik edən səfir mən oldum. Bu Vətən müharibəsinə şahidlik etmək mənim üçün çox böyük xoşbəxtlik oldu. Özümü fərqli hiss edirəm.

 

Mən burada Türkiyə ilə Azərbaycanın bir-birinə daha da yaxınlaşması üçün vəzifəmi yerinə yetirdim. Xalqlarımızın bir-birinə yaxınlaşması üçün çalışdım. Amma bu işi görməyə imkanı təmin edən Sizlər, cənab Prezidentlərimiz bizim üçün açdığınız yol oldu. Bunları onun sayəsində edə bildik. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə bütün qurumlardan, rəsmi şəxslərdən bütün səviyyələrdə başda Siz olmaqla hər zaman dəstək aldım. Hamınıza ayrıca təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqına Sizin şəxsinizdə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman qardaşlığımızı hiss etdim, getdiyim hər yerdə ona şahid oldum. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq. Çünki Sizin də söylədiyiniz kimi biz birlikdə güclüyük. Çox təşəkkür edirəm, çox sağ olun.

***

saat 10:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

APA xəbər verir ki, Prezident İlham Əliyev səfir Erkan Özorala Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni təqdim edib.

 


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin aprelin 10-da Bakıda 3-cü toplantı keçiriləcək.

Edaletyolu.az-ın məlumatına görə, toplantıya hazırlıq məqsədilə aprelin 9-da Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 8-ci iclası təşkil olunacaq.

Toplantıda Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov, Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katib Bağdat Amreyevin iştirakı nəzərdə tutulur.

Toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunacaq.

Tədbirin 3-cü günündə aprelin 11-də nümayəndə heyətləri Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcəklər.

 


Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyanın Sədri Volkan Bozkırla görüşüb.

Edaletyolu.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

“Volkan Bozkırın rəhbərliyi altında BMT Baş Assambleyasının fəaliyyəti pandemiyaya baxmayaraq, fasiləsiz davam edir”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

 

XİN başçısı qeyd edib ki, Türkiyənin BMT-dəki lider rolu davam edəcək.

“İstanbulu BMT-nin mərkəzi edəcəyik”, - deyə M. Çavuşoğlu qeyd edib.

Görüş V. Bozkırın Türkiyəyə səfəri çərçivəsində baş tutub. 

Xatırladaq ki, BMT Baş Assambleyasının Prezidenti Türkiyədən sonra Qətər və Azərbaycana da səfər edəcək.



Azərbaycanın dəmir yollarında gediş haqqının təmassız bank kartları ilə ödənilməsi üzrə pilot layihəsi test rejimində istismara verilib, sınaq prosesindən sonra layihənin real istismara verilməsi nəzərdə tutulub.

"APA-Economics"in məlumatına görə, bunu "Baku Transit Forum 2021 Smart City" tədbirində çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, AMB-nin təşkilatçılığı, "Azərbaycan Dəmir Yolları" QSC və digər qurumların dəstəyi ilə məhz ölkənin dəmir yollarında gediş haqqı təmassız bank kartları ilə ödənilməsinin ilkin mərhələsi reallaşdırılıb: "Layihənin birinci mərhələsində Bakı-Sumqayıt xətti üzrə iki stansiyada gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi imkanı yaradılıb", - deyə F. Osmanov qeyd edib.

 

Digər məsələlərə də toxunan AMB rəsmisi əlavə edib ki, ötən il elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələri, eyni zamanda, ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi tarixi maksimuma çatıb.