Xəbər lenti


"Bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmilləşdirilməsi ilə bağlı proseduraların hazırlanması prosesinin bu il intensivləşəcəyi gözlənilir. İndiyədək Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb".
Edaletyolu.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, qeydiyyat prosesinə başlanılması iqtisadi baxımdan da vacibdir:

"İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 minə yaxın sənədsiz tikili var. Onlardan 400 mini Bakı və Bakıətrafı ərazilərdədir. Bizim qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərdə inşa edilən evlərdir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab edilir.

Kənd təsərrüfartına yararlı torpaq sahələrindəki tikintilərə gəldikdə isə, bir ərazidə kütləvi şəkildə evlər inşa edilibsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi məqsədə uyğun olardı. Əgər həmin ərazidə kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilə bilər. Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümükündürsə, o zaman burada sənədləşmə ilə bağlı heç bir problem yaratmaya bilər.

Gözlənilir ki, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsinə başlanılacaq. Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədə uyğun olardı. Yəni nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqlarının tanına bilər. Bu eyni zamanda, fiskal ödənişlərin artırılması baxımdan da vacibdir".

Koronavirusun yayılmasının qarşısını almaq üçün Operativ Qərargahın bayram günləri üçün bəzi məhdudlaşdırıcı tədbirlər görəcəyi barədə sosial şəbəkələrdə iddialar səsləndirilir.

Bildirilir ki, Novruz bayramında xüsusilə qonaq gedənlərin sayının çoxluğunu nəzərə alan qurum 15 martdan 28 marta qədər SMS-icazə sistemini bərpa edə bilər. Eyni zamanda, bayram günlərində rayonlara gediş-gəlişin qadağan edilməsinin də müzakirə edildiyi bildirilir.

Edaletyolu.az xəbər verir ki, axar.az-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, bu məsələlərlə bağlı hələlik heç bir rəsmi qərar yoxdur.

 DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da bayramlarla əlaqədar qeyri-iş günü hesab edilən tarixlərdə rayonlara gediş-gəlişin qadağan edilməsi barədə hansısa bir tapşırıq verilmədiyini vurğulayıb:

"Bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. DİN icraedici qurumdur".



Boşanmadan sonra yaranan ən böyük problemlərdən biri də alimentlərin verilməsidir.
Hazırda bu məsələ ilə bağlı xeyli sayda məhkəmə qərarları olsa da icrası çətin olur.

Çünki əksər hallarda atalar aliment verməkdən imtina edir, müxtəlif üsullarla məhkəmə qərarından boyun qaçırırlar.

Körpəli uşaqla işləmək imkanları məhdudlaşan ananın da gəlir və qazancları olmadığı üçün övladına lazım olan vəsaiti xərcləyə bilmir. Belə olan halda isə uşağın təhsilində, sağlamlığında gecikmələr olur.

Bir sıra ölkələrdə bu kimi halların qarşısının alınması üçün Aliment Fondu yaradılıb. Belə fondlar tərəfindən vaxtaşırı olaraq boşanan ailələrin övladları üçün vəsait ödənilir. Daha sonra isə fond həmin vəsaiti atadan geri alır.

Vəkillər Kollegiyasının üzvü Yusif İsmayılovun sözlərinə görə, Aliment Fondunu elə formada yaratmaq lazımdır ki, işlək olsun.

Ekspertlərin fikrincə, bu "İctimai Fond” ola bilməz. Bu, o zaman "İctimai Fond” ola bilər ki, ayrı-ayrı şəxslər könüllü şəkildə bu fonda ianə versinlər.

Bizdə isə könüllü ianələrin verilməsi ənənəsi elə də yüksək deyil. İnkişaf etmiş ölkələrin praktikasında alimenti ödəməkdən boyun qaçıran valideynlər məcburi şəkildə psixoloqlara göndərilir ki, niyə alimenti ödəmir, nəyə görə uşağına qarşı laqeyddir. Valideyn psixoloqa getməyəndə azadlıqdan məhrum edilir.

Lakin nəzərə almaq lazımdır ki, həbs məsələni həll etmir. Yəni burada bəzi boşluqlar mövcuddur. Bu səbəbdən qanunvericilik təkmilləşdirilməli, işlək mexanizm qurulmalı, düzgün maarifləndirmə aparılmalıdır ki, sonradan xoşagəlməz hallar baş verməsin.

Həftəsonu yarmarkasında məhsul bolluğu yaşanır. Yarmarkada qiymətlər də müxtəlifdir.

Edaletyolu.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın 3 nöqtəsində fəaliyyət göstərən "Kənddən şəhərə" yarmarkasında kartofun 1 kiloqramı 80 qəpiyə, soğanın 1 kiloqramı 90 qəpiyə, Salyan pomidoru 1 manat 80 qəpiyə, Göyçay və Qazax pomidorunun 1 kiloqramı isə 2 manata təklif olunur. Xiyarın 1 kiloqramı 3 manat 30 qəpikdir.

Almanın 1 kiloqramının qiyməti 90 qəpik və 1 manat 50 qəpik arasında dəyişir. Narın 1 kiloqramı 1 manat 50 qəpik, yerli mandarin 1 manat 50 qəpik - 2 manat arasında təklif olunur.

Kənd yumurtasının biri 25 qəpiyə satılır. Qoz ləpəsinin kiloqramı 10-17 manat, fındıq ləpəsinin kiloqramı isə 14-16 manat arasında dəyişir. Ancaq bu qiymətlər heç də hamını razı salmır.

Müqayisə üçün paytaxtın "8-ci kilometr" bazarında da olduq. Burada da əksər qiymətlər yarmarkadakına yaxın olsa da, bəzi məhsulların qiymətində fərqlər gözə çarpır.

Bazarda yerli kartofun 1 kq-nın qiyməti 1 manatdan başlayır. Amma qiymət məhsulun növünə görə də dəyişir. Soğanın kiloqramı isə 80 qəpikdən satılır. Xaricdən gətirilmiş xiyar 3 manata, yerli xiyar isə 4 manat 50 qəpiyə təklif olunur. Qazax pomidorunun kiloqramını 1 manat, Zirə pomidoru isə 2 manat 50 qəpiyə almaq mümkündür.

"8-ci kilometr" bazarında almanın 1 kiloqramının qiyməti 50 qəpik - 1 manat 50 qəpik arasında dəyişir. Narın 1 kiloqramı 1 manat 50 qəpiyə, yerli mandarinin kiloqramı 1 manat 80 qəpik - 2 manata satılır. Kənd yumurtasının bir ədədi isə 23 qəpikdir. Qoz ləpəsinin kiloqramı 10-15 manat arasında dəyişir.

Qeyd edək ki, "Kənddən şəhərə" yarmarkaları karantin qaydaları sərtləşdirilməsə, yalnız həftəsonları olmaqla müntəzəm şəkildə fəaliyyət göstərəcək.


Edaletyolu.az xəbər verir ki, Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Vətən müharibəsində şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinı ziyarət edib.


 

İlk olaraq Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərimizin xatirəsi anılıb. Anar Məmmədov Şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad edib.

Azərbaycan Ordusunun zəfərindən və bütün dünyanı heyrətləndirən Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışan deputat şəhidlərimiz və onların valideynlərinin qarşısında baş əyirik deyib. Şəhid ailələrinin qayğılarını dinləyən deputat bildirib ki, Vətən, torpaq uğrunda şəhidlərimizlə yanaşı onların valideynləri də hər birimiz üçün əzizdirlər. Bu qəhrəman oğulların vətənpərvər ruhda tərbiyə olunmasında onların valideynlərinin rolu çox böyük olub.

Ali Baş Komandan Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğısından danışan Anar Məmmədov bildirib ki, bundan sonra da dövlətimiz şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunacaqlar.


Bu günlərdə Rusiya internet nəşrlərindən biri Xabarovsk şəhərinin ticarət şəbəkələrindən birində “görünməmiş dərəcədə bahalı” Azərbaycan kartofuna rast gəldiklərini yazırdı.

Kartof doğrudan da bahalı idi- Rusiya pulu ilə 280 rubla və ya Azərbaycan pulu ilə 6 manat 20 qəpiyə. Amma söhbət Rusiyanın uzaq şərqindən, qarlı-şaxtalı Xabarovskdan gedir, üstəlik ora gedib çıxan bahalı Azərbaycan kartofu əslində faraş kartof idi, yəni istixanada yetişdirilmişdi. Kartof isə indi əslində Azərbaycanın özündə də ucuz deyil, üstəlik Bakı bazarlarında və supermarketlərində yerli kartof demək olar ki, yox həddindədir. Əsas yeri isə bədheybət görkəmli idxal kartofu tutur, hansı ki, bir çox ekspertlər həmin kartofun qida üçün yararlı olmadığını, texniki sort olduğunu neçə vaxtdır deyirlər.

Edaletyolu.az  xəbər verir ki, Bakı bazarlarında yerli kartofun qiyməti son bir həftədə kəskin- 30-40 qəpik arası bahalaşıb. İri ticarət mərkəzlərində isə yerli kartofun kiloqramı 1 manat 70 qəpikdən təklif edilir. Nəzərə alanda ki, Brejnevin “kartof ikinci çörəkdir” devizi Azərbaycanda öz aktuallığını qoruyub saxlayır və bu tərəvəz gündəlik istehlak zənbilində az qala əsas yer tutur, o zaman qiymətin bu cür kəskin bahalaşması sakinləri qayğılandırmaya bilməz.

image-2-192

Əslində bazarlarda heç idxal kartof da ucuz deyil, ticarətçilər deyirlər ki, Azərbaycana daha çox İrandan, xüsusilə Ərdəbildən kartof gətirilir. Bakının qiymətlərin ən ucuz olduğu, xalq arasında “Vosmoy bazarı” kimi tanınan bazarında İran, həmçinin satıcıların əmin etdiyi kimi, Şəmkir, Cəlilabad, Qusar kartofları satışdadır. Amma satıcılar bildiriblər ki, Tovuz və Gədəbəy məhsulu adı altında alıcılara təqdim edilən kartoflar əslində Ərdəbildən gətirilən seçmə məhsullardır.

“Gədəbəy kartofunun bu gün topdan satış qiyməti 1 manat olub. Dekabrın sonundan Tovuzdan demək olar ki, kartof gətirilmir. Bazarda 80-90 qəpiyə satılan məhsullar Gədəbəy kartofu deyil, İrandan gətirilən məhsullardır. Bu kartof qızartmaq üçün yararlı deyil, çünki bişəndə dağılır “, satıcılardan biri deyir. Əlavə edib ki, indi bazarda “Telman” sortunu 1 manat 20 qəpikdən aşağı satmırlar. Marketlərdə 1 manat 70 qəpiyə satışa çıxarılan kartoflar da “Telman” sortudur.

Bazarda Ərdəbildən gətirilmiş kartofun 3 kiloqramı 2 manatdan təklif edilir. İri ölçülü kartofların kiloqramı isə 60 qəpikdir. Satıcılardan biri deyir ki, Azərbaycanda kartof mövsümü dekabrın əvvəlində bitir. Anbarlarda saxlanılan kartof isə qışda baha satışa çıxarılır. Digər yandan, bu qış seçmə kartofları Rusiya bazarlarına göndərirlər, çünki Rusiyada da bahalaşma müşahidə edilir. Yerli kartofun qiyməti yalnız aprelin sonundan, faraş məhsul bazarlara çıxanda düşməyə başlayacaq.

Yerli kartofun bazarda niyə qıt və baha olması haqda danışan fermer Samir Verdiyev bildirir ki, ölkənin bir çox rayonlarında neçə ildir kartofçuluqla məşğuldur. Quraqlıq səbəbindən bu mövsümdə məhsuldarlıqla bağlı gözləntilər özünü doğrultmayıb, lakin yenə də istehsal son 5 ilə nisbətən 5-6 faiz çox olub. “Azərbaycanda noyabr-dekabr aylarında yerli məhsul satılıb bitir. Təlabatın ödənilməsi üçün əsasən İrandan kartof gətirilir”,-o deyir.

Fermer əlavə edir ki, bazarlarda dekabrın sonundan yerli məhsulun həcmi əhəmiyyətli dərəcədə azalır. “Gədəbəydə istehsal olunan kartofun ümumi həcmi Azərbaycanın kartofa olan təlabatını ödəməyə yetməz. Yəni bazarlarda satılan məhsulun böyük həcmi İran kartofudur. Aprelin sonunadək təlabat əsasən idxal hesabına ödəniləcək. May ayından Cəlilabad kartofunun mövsümü başlayır”,-S.Verdiyev vəziyyəti izah edir.

image-fikretg

Kartof istehsalı son illərdə artsa da, fermerlərin bir çoxunun məhsulu qışa saxlamaq üçün şəraiti yoxdur. Fermer deyir ki, anbarlarda kartofun kilosunu 2 qəpikdən saxlayırlar. “Bir neçə il əvvələdək yerli məhsullar sentyabrda bitirdi, son 5 ildə vaxtı dekabrın sonunadək uzada bilmişik. Saxlama xərci təbii ki, qymətlərə təsir edir”,-kartof istehsalçısı bildirir.

Verdiyev qeyd edir ki, kartofçuluqda gəlir hava şəraitindən də asılıdır, amma istənilən halda qazanc var. “Digər fermerlər hektara 5 min manat xərcləyirlər. Mən həm də toxumçuluqla məşğul oluram, xaricdən məhsuldarlığı və keyfiyyəti yüksək olan toxumlar alıram. Buna görə hektara 8 min manatadək vəsait sərf edirəm”.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə açıqlamasında bildirib ki, Azərbaycanda 1 milyon tondan çox kartof istehsal edilir və təlabatın yerli məhsul hesabına ödənilməsində problem mövcud deyil. Amma hər il ölkəyə orta hesabla 180-190 min ton kartof idxal olunur. Bunun da 40 min tonu toxumluqdur: “Yəni 1 milyon ton istehsala nisbətdə 150 min ton kartof idxal edilir. Sadəcə olaraq, idxalın əsas hissəsi, təxminən 100 min tonu mövsümdən sonrakı 1-2 ayın payına düşür. Amma bu trend də getdikcə azalır. Yaxın zamanlarda istehsalın artacağı gözlənilir. Bunun üçün də kartof saxlanılması üçün soyuducu anbar infrastrukturun təxminən 200 min ton genişləndirilməsinə ehtiyac yaranıb. İstehsal artdıqca növbəti illərdə onsuz da az olan idxal minimuma düşəcək”.

image-krt

Mərkəz rəhbəri yerli məhsulların Rusiya bazarlarına daşınması və kiloqramı 5-6 manatdan satışa çıxarılması məsələsinə də toxunub. Bildirib ki, həqiqətən bir neçə sahibkar tərəfindən istixanalarda yetişdirilən yüksək faraş məhsullar Rusiya bazarına çıxarılıb və bu, yaxşı haldır. Onu göstərir ki, sahibkarlar Rusiya bazarında yeni mövqelər qazanmağa çalışır. “İstixanalarda kartof yetişdirib, Rusiya bazarlarına çıxaranlar olub. Amma bu, kiçik həcimdədir. Kartofun Rusiya bazarlarına kütləvi daşınması və buna görə yerli bazarlarda qiymət artımı baş verməyib”,- deyə mütəxəssis bildirib.

Firdovsi Fikrətzadə əlavə edib ki, hazırda bazarda kartofun kiloqramı orta hesabla 70-80 qəpik arasındadır və qiyməti məhsulun yerli, yaxud idxal olması deyil, keyfiyyəti müəyyənləşdirir. “Bir misal çəkim, müharibəyə görə Ağdamda soğan sahədən gec yığıldı və mövsümün axırına yaxın xaricdən soğan idxal olundu. Həmin idxal olunan məhsulun qiyməti yerli məhsuldan baha oldu, çünki keyfiyyət göstərisi yüksək idi”.

Mərkəz rəhbəri əmindir ki, ölkəyə idxal olunan kartof da yüksək keyfiyyətlidir, yəni yerli deyil deyə, keyfiyyətsiz hesab edilə bilməz. Çünki idxal olunarkən qida təhlükəsizliyinə dair zəruri normalara cavab verib-vermədiyi yoxlanılır…Virtualaz.org


Son zamanlar ailə institutuna lazım olan diqqət ayrılmır, ötən illərlə müqayisədə ailə dəyərləri xeyli dəyişib.


 

Edaletyolu.az bu sözləri  sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda nikahdan kənar doğulan körpələrin günü-gündən artmaqda olan statistikasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ailə institutu aşınmaqdadır:

“Cəmiyyətdə böyük proseslər baş verir, ailə institutu çox ciddi bir sarsıntı içərisindədir. Əvvəllər insanların ailə təsəvvürləri başqa idi. Son onillikdə baş verən proseslər Azərbaycan insanında ailəyə münasibəti tamamilə dəyişib. Biz bu dəyişən proseslərə adekvat tədbirlər haqda düşünmürük. Ailə institutu ilə bağlı vacib işlər görülməlidir. Min illərdir ki, mədəniyyətimiz onun üzərində formalaşıb. Azərbaycan mənəviyyatı həmçinin bu institutla çox bağlıdır”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, hazırda qurulan 100 ailənin 30-ə qədəri dağılır:

“Digər ailələrdə çox ciddi gərginliklər yaşanır. Mən dəfələrlə SOS təbilini çalmışam ki, ailə institutundakı ahəngdar münasibətlərin qurulması ilə bağlı təcili işlər görülməlidir. Günümüzdə ən çox rastladığımız mövzulardan biri də qadına qarşı zorakılıqdır. Bu gün biz təkcə qadını deyil, dağılmaqda olan Azərbaycan ailəsini necə xilas edəcəyimiz barədə düşünməliyik”.

Qeyd edək ki, 2020-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda uşaqların 15 faizi nikahdan kənar doğulub.



Hərəkət məhdudiyyəti olan vətəndaş evində vaksinasiya oluna bilər.

Edaletyolu.az Trend-ə istinadən xəbər verir ki, 2 nömrəli Şəhər Poliklinikasının vaksinasiya kabinetinin məsul həkimi Firuddin Hüseynov deyib.

Həkimin sözlərinə görə, evdə vaksinasiya iki halda aparılır, ya vətəndaşın öz müraciəti əsasında, yaxud sahə həkiminin təyinatı ilə:

"Məsələn, vətəndaş 1-ci qrup əlildir və hərəkət məhdudiyyəti var. Onun evinə getdikdən sonra diaqnoz qoyulur və əks göstəriş olmadıqda həmin şəxsə vaksin vurulur. Poliklinikada xüsusi konteyner var. Peyvəndləmə evdə aparılacaqsa, bu xüsusi konteynerdə vaksinlər daşınır. Onu qeyd edim ki, vaksinlər soyuq halda bir yerdən digər yerə daşınır və mütləq şəkildə soyuq temperaturu gözləmək lazımdır. Buna soyuq zəncir deyilir və bu zəncir qırılmamalıdır".

Həkim əlavə edib ki, qeyd olunan bütün proseslər heç bir ödəniş olmadan dövlət tərəfindən aparılır. Bu günə kimi hələlik bu qrupdan olan vətəndaşlardan müraciət alınmayıb.

Xatırladaq ki, fevral ayının 1-dən etibarən ölkədə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına start verilib.



Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər! Tarif Şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür.


 

Edaletyolu.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı məlumat yayıb.

Onun sözlərinə görə, abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər.



“Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının əvəzlənməsindən sonra bir qisim mexaniki-elektron sayğac istifadəçisinin sərfiyyatın çox qeydə alınması barədə müraciətləri araşdırıb.


 

Edaletyolu.az - ın əldə etdiyi məlumatına görə, qurumdan bildirilib ki, müxtəlif internet resurslarında paylaşılan bu kimi iddialar təsdiqini tapmayıb.

“104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, yanvar ayı ərzində “sayğacım sərfiyyatı çox qeydə alır” iddiası ilə ünvanlanan 339 müraciət ətraflı araşdırılıb.

“Məlum olub ki, 256 abonent ödəniş hesabatlarını düzgün aparmayıb. Əvvəlki aylardan qalan debitor borclarını ödəmədikləri üçün onlara təqdim olunan bildirişdəki böyük məbləğləri yanlış başa düşüblər. Başqa qrup abonent 2020-ci il üçün nəzərdə tutulan hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetrlik aşağı tarifli limit həddini keçdiyindən onların ödənişləri hər kubmetrə görə 20 qəpikdən hesablanıb. Bu zaman artan rəqəmlər sayğacın sərfiyyatı çox qeydə alması kimi başa düşülüb. Digər abonentlər isə yaşadıqları fərdi yaşayış evində sayğacdan sonra qaz sızmasından xəbərsiz olub”.

Xalidə Şimşək onu da vurğulayıb ki, belə bir durumda istifadəsində olan əvvəlcədən ödənişli sayğaclarını mexaniki-elektron sayğacla əvəz etmək istəyənlər də çoxluq təşkil edib. Bu barədə 400-ə yaxın müraciət daxil olub. Onlar mexaniki-elektron sayğacın istifadəsinin daha rahat olmasını əsas gətirərək, bu ölçü qurğularına üstünlük veriblər.