Mövqe

Xəbər lenti



Ə D A L Ə T Y O L U

Qədrini anlamaz hər yoldan ötən,
Odur dar macalda haraya yetən,
Haqqın dərgahına uzanıb gedən,
Həqiqət yoludur, ƏDALƏT YOLU !

Tanrı ətri verən qəlbdə yaşayır,
Arzular isidir, könül oxşayır,
Ürəkdən ürəyə sevgi daşıyır,
Məhəbbət yoludur, ƏDALƏT YOLU !

Namərdin üzünə qapı bağlayan,
Halallıq içində coşub, çağlayan,
Ləyaqət əhlini uca saxlayan,
Şərafət yoludur, ƏDALƏT YOLU !

Bir üzü cəvahir, bir üzü ləldir,
Xeyirxah niyyətdir, gözəl əməldir,
Tanrı dərgahına açılan əldir,
İbadət yoludur, ƏDALƏT YOLU !

Onda pənah tapar tənhalar, təklər,
Oduna isinir qərib ürəklər,
Sağında, solunda durub mələklər
Qiyamət yoludur, ƏDALƏT YOLU !

Önünü bağlamaz nə duman, nə çən,
Adlayıb nəsildən nəsillərəcən,
Halal adamların ömründən keçən,
Bərəkət yoludur, ƏDALƏT YOLU !

Qərib yurd yerində binələr quran,
Haram qoxusundan uzaq, yan duran,
Qəmli könüllərdə işıq yandıran ,
Mərhəmət yoludur, ƏDALƏT YOLU !

Yasəmən, sevinclə bəzənib yaxan,
Zalıma qılıncdır, məzluma qalxan,
Üç rəngli bayrağı Şuşaya taxan,
Şücaət yoludur, ƏDALƏT YOLU !


Şeirin müəllifi:
YASƏMƏN QƏYYUMLU