Xəbər lenti



Dünyada yeni pandemiya H5N8 quş qripi virusuna görə başlana bilər.


 

Edaletyolu.az Report-a istinadən xəbər verir ki, Çin alimləri yeni pandemiyanın quş qripi virusu ilə bağlı olacağını açıqlayıblar.

Veyfen Şi və Corc Qao virusun yaranma yayılmasının tarixini izləyiblər. Onlar bildiriblər ki, bu ştamm 2010-cu ildə Çində ördəklərdə aşkarlanıb. Dörd il sonra Yaponiya və Cənubi Koreyada da yoluxma halları qeydə alınıb. Virusa yoluxanlar arasında ev və vəhşi quşlar da olub.

Virus 2016-cı ildə Hindistanda, Rusiyada, Monqolustanda, ABŞ-da, həmçinin Avropanın digər ərazilərində aşkarlanıb. H5N8 virusu 2020-ci ildə artıq 46 ölkədə qeydə alınıb. Bu, virusun artım qabiliyyətini göstərir.

Veyfen ŞiCorc Qao bu halda qeyd ediblər ki, yoluxanların müayinəsi zamanı H5N8-in insanlar arasında ötürülməsi əlamətləri aşkarlanmayıb.

Onlar həmçinin diqqəti virusun yüksək patogenliyinə yönəldiblər.



ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Ermənistana səfər etməməyə çağırıb.

Edaletyolu.az  xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Departamentin bəyanatında deyilir.

Qeyd olunur ki, bu çağırış Ermənistanda COVID-19 pandemiyası ilə bağlı davam edən vəziyyətlə əlaqədar edilib.

Ermənistanda bugünədək 221 368 nəfər koronavirusa yoluxub, 5 242 nəfər ölüb.



Kanadalı molekulyar bioloqlar bitki mənşəli virusabənzər hissəciklərdən koronavirus əleyhinə peyvənd hazırlayıblar. Peyvənd klinik sınaqların ilk mərhələsində 200 könüllü üzərində sınaqdan keçirilib.


 

Edaletyolu.az  Report-a istinadən xəbər verir ki, təcrübələrin nəticələri “Nature Medicine” jurnalında dərc edilib.

Peyvəndin ikinci dozasının vurulmasından sonra könüllülərin əksəriyyətinin qanındakı anticisimlərin miqdarı COVID-19-dan sağalmış insanların plazmasındakı anticisimlərin miqdarından təqribən 10 dəfə çox olub.

Peyvənd vurulduqdan dərhal sonra iştirakçılardan birində yaranmış halsızlıq istisna olmaqla, ciddi yan təsirlər müşahidə olunmayıb.

Alimlər aşkar ediblər ki, peyvəndin bir dəfə vurulmasından sonra könüllülərin təxminən 60 faizinin qanında SARS-CoV-2-yə qarşı çox sayda anticisim yaranıb. İki inyeksiyadan sonra isə könüllülərin 91 faizində anticisimlər yaranıb.


ABŞ-ın keçmiş prezidenti Donald Tramp həftələrdə dövlət başçısı olan dövrdə sədd çəkdirdiyi ABŞ- Meksika sərhədini ziyarət etməyi planlaşdırır.


 

APA - ya istinadən Edaletyolu.az xəbər verir ki, bu barədə Tramp “Fox News”a açıqlamasında deyib.  

O bildirib ki, səfərdə məqsəd sərhəddə xidmət aparan sərhədçilər, immiqrasiya və gömrük polisinə dəstək olmaqdı.

Keçmiş Prezident əlavə edib ki, sadaladığı qurumların əməkdaşlarının liderə ehtiyacı var: “Səfər yaxın bir neçə həftə ərzində baş tuta bilər. Biz burda danışırıq, hazırda minlərlə insan Meksikadan bibaşa ABŞ-a gəlir. Bu, ölkəmizi məhv edəcək”. 

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası son vaxtlar Meksikadan ABŞ-a qanunsuz yolla girməyə çalışan insan axınının artması fonunda ciddi şəkildə tənqid olunur. 



Dünyanın bir qrup elm adamı tədqiqat zamanı, hidroksixlorokin dərmanının COVID-19 xəstəliyinə qarşı təsirsiz olduğunu üzə çıxarıb.

Edaletyolu.az bildirir ki,  APA-nın xarici mediaya istinadla verdiyi xəbərə görə, məlum olub ki, xüsusiyyətlərinə görə hidroksixlorokin xəstəliyin müalicəsinə və koronavirus infeksiyasından ölüm dərəcəsinə təsir edə bilməz.

Qrupun tərkibinə Çin, Braziliya, İspaniya, Tayvan, Böyük Britaniya, Şimali Amerika, eləcə də Misir və İrandan olan alimlər daxil idi.

COVID-19 üçün bir dərman olaraq hidroksiklorokin və xlorokin üzərində ümumilikdə 14 tədqiqat aparıblar.

Ekspertlər bu tədqiqatların bəzilərinin dərmanı istehsal edən əczaçılıq şirkətləri tərəfindən maliyyələşdirildiyini bildiriblər.

Analizin nəticələrinə əsasən, SARS-CoV-2 koronavirus infeksiyasının müalicəsində hidroksixlorokin və xlorokinin istifadəsinin əsassız olduğu açıqlanıb.

Tədqiqatçılar, bu dərmanların xəstələri daha yaxşı hiss etmədiyini və ya bir tənəffüs cihazına bağlanması lazım olan xəstələrin sayını azaltmadığını iddia edirlər.



Ermənistan parlamentində dinləmələr zamanı deputat Gevorq Papoyanın sualına cavab verən Baş nazir Nikol Paşinyan Şuşanın demoqrafik tərkibinə istinad edərək, onun “90 faizdən yuxarı azərbaycanlılar yaşayan şəhər olduğunu” rəsmi olaraq bəyan etdi. İstər SSRİ-nin dağılmasından sonra, istərsə də ondan əvvəl hökumət nümayəndəsinin belə tarixi həqiqətləri yüksək kürsüdən cəsarətlə söyləməsi, özü də regionda və dünyada müharibənin nəticələri ətrafında polemikaların intensiv bir şəkildə getdiyi dövrdə, nadir hadisədir. Buna bənzər siyasi etirafı xatırlamaq çətindir.


 

Edaletyolu.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, Paşinyan eyni zamanda Şurnux kəndi də daxil, bir sıra ərazi vahidlərinin geri qaytarılmasını Zəngəzurun digər hissəsinin təhlükədən qorumaq məqsədilə etdiklərini söyləyib:

“Təəssüf ki, bu bəyanatlar ictimai-siyasi qüvvələrin müzakirələrində özünə çox yer etmədi. Halbuki Şuşanın Azərbaycana məxsusluğunu tanımaq həmin bölgənin təkcə əsrlərdən bəri məskunlaşma tarixini, birgəyaşayış keçmişini deyil, eləcə də sonrakı işğalının da qanunsuz olduğunu tanımağa bərabər addım sayıla bilərdi.

1999-cu ildə erməni elitasının parlamentdə gülləbaran edilməsini nəzərə alsaq, Şuşa bəyanatının verildiyi tarixdən bu yana hazırkı hökumət rəhbərliyinə qarşı hər hansı sui-qəsd və ya silahlı üsyan olmayıb. Epizodik etirazlar media məkanında mövcuddur. Onlar da kəsərsizdir, gerçəkliyi özündə əks etdirmir və milyonlarla erməninin, o cümlədən dünyanın gözü qarşısında reallığı dəyişdirmir. Lakin Şuşa ilə bağlı açıqlamadan əvvəl Ermənistanla Azərbaycan arasında Kəlbəcərdən başlayan, Laçından keçən, müxtəlif dağ və coğrafi yüksəklikləri əhatə edən, Gorus-Qafan yolunun da nəzarəti daxil Qubadlı, Zəngilanadək ərazilər delimitiasiya-demarkasiya xətlərinin tanınması nəticəsində 30 ildir ölkəmizə qarşı düşmənçilik siyasəti aparan tərəfin addım-addım, qarış-qarış da olsa, konkret ərazilər boyu dəqiq ölçülər əsasında Azərbaycan torpaqlarının həqiqi sahibini tanıması baş verir. Bəli, bu təkcə hüquqi nailiyyət deyil, eləcə də yüzillərlə mövcud olan erməni mifologiyasının dağılması kimi mühüm siyasi nailiyyətlərdir. Naxçıvana gedən yol açılandan sonra Mehri dəhlizi də güclü tərəfin nüfuzu və təsiri altına düşəcək”.

Z.Orucun sözlərinə görə, 44 günlük müharibə sonrası biz dəyişən münasibətləri öz məqsədlərimizə doğru irəlilətməkdə maraqlı olmalıyıq:

“Ermənistanın Vətən müharibəsindəki məğlubiyyətdən sonra, xüsusilə də 11 yanvar Moskva görüşü ilə kommunikasiyaların açılması, regionun onillərlə kəsilmiş arteriyalarının çalışması və böyük iqtisadi-transmilli layihələrinin həyata keçirilməsini, beləliklə düşmənçiliyin aradan qaldırılması üçün yeni platformanın yaradılması istəyi xalqımızın bu günü və gələcəyi üçün fərqli, tamamilə yeni reallıqlar meydana gətirə bilər. Yəni hərbi qələbəmizin regional və beynəlxalq əlaqələrimizin miqyasını genişləndirməsini hamıdan çox istəyirik. Lakin bu zaman ən böyük çağırışlara da yüz illərlə davam edən müharibədən sonra məhz birgə cavab verməliyik. Yenidən müharibə baş versə, onu qazanmağa hazırıq, lakin Ermənistanın Azərbaycanı tanıması, bir əsrdir davam edən antitürk və antiazərbaycan iddialarından geri çəkilməsi şəraitində Sülh Müqaviləsinin imzalanmasına münasibət də hər bir insanımızın, Ordumuzun və dövlətimizin birgə cavabından asılı olacaq!”



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirusun mənşəyinin izlərini tapmaq üçün Çinin Uhan şəhərinə gediblər.
TASS xəbər verir ki, təyyarənin eniş görüntüləri Çin Mərkəzi Televiziyası tərəfindən canlı yayımlanıb.
Ölkədə qüvvədə olan qaydalara görə, mütəxəssislər 14 günlük karantindən keçməlidirlər və bu müddətdə Çin mütəxəssisləri ilə videorabitə vasitəsi ilə məsləhətləşmələr aparacaqlar.

Xatırladaq ki, daha əvvəl Çin səlahiyyətliləri beynəlxalq ekspert qrupunun gəlməsinə icazə verilməsini təxirə salmışdılar.


Cozef Bayden rəsmən prezident olduqdan sonra ilk addım kimi Trampın imzaladığı bəzi qərarları ləğv edib.


 

 Edaletyolu.az xəbər verir ki, bu məlumatı “Röyters” agentliyi yayıb.

Məlumata görə, ilk olaraq o, ölkənin Paris iqlim razılaşmasına qayıtması barədə sərəncam imzalayıb.

Bayden Kanada ilə sərhəddə “Keystone XL” neft kəmərinin tikintisinin dayandırılmasına dair əmr də imza atıb. Maraqlı məqam odur ki, bu kəmərin tikintisinə 2015-ci ildə Barak Obama qarşı çıxsa da, Tramp prezident olduqdan sonra buna izn vermişdi.

Baydenin imzaladığı növbəti əmr isə 6 müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişinə qoyulan qadağanın ləğvi ilə bağlı olub. Tramp dövründə qadağaların şamil edildiyi ölkələr sırasında Suriya, İran, Liviya, Somali, Sudan və Yəmən yer almışdı.

Bayden, həmçinin Meksika ilə sərhəddə divarın tikintisinin dayandırılması haqqında da sərəncam imzalayıb.


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 223 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205 406 nəfər müalicə olunaraq sağalıb, 2 869 nəfər vəfat edib, aktiv xəstə sayı 15142 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 383, ötən müddət ərzində isə ümumilikdə 2 250 291 test aparılıb.





Dünyada 75 282 798 nəfərdə koronavirus aşkarlanıb.

EDALETYOLU.az xəbər verir ki, bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

 

Virusdan 1 668 356 xəstə ölüb, 52 852 602 nəfər sağalıb.

Avropada 20 702 250, Şimali Amerikada 20 301 038, Asiyada 19 498 354, Cənubi Amerikada 12 269 059, Afrikada isə 2 464 185 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (17 626 770 nəfər), Hindistan (9 979 447 nəfər), Braziliya (7 111 527 nəfər), Rusiya (2 762 668 nəfər) və Fransadır (2 427 316 nəfər).

Altıncı yerdə olan Türkiyədə 1 955 680, İranda 1 138 530, Gürcüstanda 201 368, Ermənistanda isə 151 392 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 191 460 nəfərin 2 088-i ölüb, 127 064-ü sağalıb.