Xəbər lenti



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.

Edaletyolu.az xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir deyib:

- Cənab Prezident, Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. İcazə verin, Sizə Prezidentimiz Aleksandr Vuçiçin səmimi salamlarını, Sizin və ölkənizin rifahı, inkişafı üçün xoş arzularını çatdırım. Cənab Prezident, qeyd etmək istəyirəm ki, Azərbaycanın həqiqi dostu və strateji tərəfdaşı olan Serbiyanı təmsil etməklə Azərbaycan Respublikasında xidmət etmək imkanına nail olmaq mənim üçün böyük şərəfdir. Təşəkkür edirəm, cənab Prezident.

Səfiri salamlayan Prezident İlham Əliyev deyib:

- Çox sağ olun. Xoş gəlmisiniz. Cənab səfir, sizi görməyə çox şadam. Ümid edirəm ki, Azərbaycanda çox mənalı vaxt keçirəcəksiniz. Həmçinin sizdən Prezident Vuçiçə ən xoş salamlarımı çatdırmağınızı xahiş edirəm. Bilirsiniz ki, biz çox fəal ünsiyyətdə oluruq və dəfələrlə görüşlərimiz olub. Hesab edirəm ki, prezidentlər arasında çox mehriban münasibətlər var və bu da, ölkələr arasında münasibətlər üçün vacibdir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz əməkdaşlığımızı irəli aparmaq üçün əlinizdən gələni edəcəksiniz. Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Sizin dediyiniz kimi ölkələrimiz strateji tərəfdaşdır. Əməkdaşlıq sahələri indi bir çox istiqamətləri əhatə edir. Hesab edirəm ki, əsas diqqəti artıq böyük irəliləyiş əldə etdiyimiz sahələrə və fəal əməkdaşlığın ilkin mərhələlərində olduğumuz bəzi sahələrdə hansı işləri görə biləcəyimiz məsələsinə yetirməliyik.

Beynəlxalq təşkilatlarda tərəfdaşlığımıza gəldikdə, əminəm ki, biz bir-birimizi dəstəkləməyə, bir-birimizin maraqlarını müdafiə etməyə davam edəcəyik. Biz artıq bir sıra beynəlxalq təşkilatlarda çox yüksək səviyyəli həmrəylik nümayiş etdiririk. Bu, vacibdir. Çünki bu, həqiqətən də bizim əməkdaşlığın səmimi mahiyyətini əks etdirir.

İkitərəfli münasibətlərə gəldikdə əlbəttə ki, çox yüksək səviyyəli siyasi təmasların olmasını nəzərə alaraq, biz iqtisadi inkişaf sahəsi üzərində diqqətimizi cəmləməliyik. Siz bilirsiniz ki, biz indi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin ilkin mərhələsindəyik. Ümidvaram ki, Serbiya şirkətləri də, dost ölkələrin şirkətləri kimi fəal olacaqlar, gələcəklər, onlara bizim planlarımızla bağlı ilkin məlumat təqdim olunacaq. Onlar dost ölkələrdən olan beynəlxalq şirkətlər komandasına qoşularaq yenidənqurmada iştirak edəcəklər. Düşünürəm ki, diqqəti cəmləşdirəcək çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycanda görəcək işləriniz çox olacaq. Sizə vəzifələrinizi uğurla həyata keçirməyi arzulayıram.

Səfir Draqan Vladisavljeviç:

- Təşəkkür edirəm, Cənab Prezident. Zati-Aliləri, möhtərəm Prezident, ilk növbədə, icazə verin Azərbaycan Respublikasında olmaqdan və burada xidmət etmək imkanına sahib olmaqdan böyük şərəf duyduğumu bir daha təkrarlayım. Mənim təyinatım Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiçin şəxsi istəyi olub. Buraya gəlişimdən əvvəl bizim təkbətək görüşümüzdə Prezident Vuçiç məndən aşağıdakı mesajları Sizə çatdırmağımı xahiş etdi. İlk növbədə, Prezident Vuçiç Sizə ən səmimi salamlarını çatdırır və Sizə möhkəm can sağlığı, xoşbəxtlik, xalqınız və ölkəniz üçün gördüyünüz hər bir işdə uğurlar arzulayır. Prezident Vuçiç şəxsən Sizinlə dostluğu və dövlətlərimiz arasındakı dostluğu yüksək qiymətləndirir. O, Serbiya Respublikasının dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini xüsusi vurğuladı, ölkələrimiz arasındakı mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini və onu qoruyub saxlamaq, daha da gücləndirmək arzusunda olduğunu bildirdi. Prezident məndən dövlətlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə, həmçinin yüksək siyasi səviyyədə daha da təşviq etdirilməsində yaxından iştirak etməyimi xahiş etdi.

Mən, Prezident Vuçiçin Sizin Serbiyaya rəsmi səfər etməyinizlə bağlı dəvətini çatdırmaq istərdim. O qeyd etdi ki, həm rəsmi Bakının, həm də rəsmi Belqradın qarşısında Qoşulmama Hərəkatının və Belqradda keçirilmiş 1-ci sammitin 60-cı ildönümünün təşkili ilə bağlı fəal iş durur. O, hərəkatın təsisçisi olan dövlətlərin – Hindistan, Misir, İndoneziya və Qananın liderlərini və əlbəttə ki, Hərəkatın sədri olaraq Sizi bu münasibətlə dəvət etmək niyyətindədir. Siz, Prezident Vuçiçlə birlikdə tədbirə ev sahibliyi edəcəksiniz. O vurğuladı ki, bu, onun şəxsi təşəbbüsü olub və sammit Sizin üçün, Azərbaycan Respublikası və Serbiya Respublikası üçün tarixi əhəmiyyət kəsb edəcək.

***

11.18

Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.

Edaletyolu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 
 
 
 

Bölmənin digər xəbərləri

23 İyun 2021 Vətən müharibəsinin 100 nəfər qazisi və onların övladları üçün tibbi aksiya həyata keçirilir
21 İyun 2021 Prezident fərman imzalayıb
21 İyun 2021 Prezident Pakistana minnətdarlıq etdi
21 İyun 2021 Prezidentdən xüsusi, hərbi və diplomatik rütbələrlə bağlı FƏRMAN
20 İyun 2021 Yasəmən Qəyyumlu Sumqayıt şəhər sakini Şəhid-Mayor Rahib Babayevin Mövludunda iştirak etdi
20 İyun 2021 İranda Əliyevlə Ərdoğana da səs verildi
18 İyun 2021 Kuznetsov: Sərhəd 1921-ci il xəritələri ilə çəkilə bilər
18 İyun 2021 Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verildi
17 İyun 2021 Yasəmən Qəyyumlu şəhid Əsəd Əsədlinin mövludunda iştirak etdi
17 İyun 2021 Yasəmən Qəyyumlu şəhid Elçinin adına inşa olunmuş Su bulağının açılışında iştirak etdi
16 İyun 2021 Suraxanı RİHB-sı şəhidin ad günüdə ailənin evlə təmin olunmasını təmin etdi
16 İyun 2021 Ərdoğanla Bayden 3 məsələdə razılaşdı
16 İyun 2021 Şuşa bəyannaməsi: Türkiyə artıq qarant oldu! – Detallar
16 İyun 2021 Qalib qardaşların Şuşa görüşü: Növbəti qələbələrin təməli qoyuldu
14 İyun 2021 Ərdoğanın Makronla görüşü başa çatdı
14 İyun 2021 Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
14 İyun 2021 "Ermənistanın Ağdamda minalanmış ərazilərin xəritəsini təqdim etməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir"
14 İyun 2021 Köçəryanın sərsəm iddiası: Hadrutu alacam, Şuşanı isə...
12 İyun 2021 Millət vəkili şəhid Abdurahmanlı Sübhanın anası ilə görüşdü
11 İyun 2021 Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur