Xəbər lenti



Karantin rejimində 360 nəfərə saxta arayış verən şirkət direktoru həbs edilib

Yevlax rayon prokurorluğundan verilən məlumata görə, “Əmlakın Qiymətləndirilməsi” MMC-nin rəhbəri Ruhin Qaraşovun xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Yevlax rayonu və ona ətraf rayonlarda yaşayan ümumilikdə 360 nəfər şəxsin karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaratmaq üçün həmin şəxslərin adlarına saxta əmək müqavilələri bağlayaraq 2020-ci ilin avqust-dekabr aylarında tamah niyyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə ) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilib.

Ruhin Qaraşov təqsirləndirilən şəxs qismində cəlb olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.(Turaztv.az)

"Saxta əlilliklə bağlı statistika onu göstərir ki, saxta əlilliyi alanlarla bərabər, saxta əlilliyi verənlərlə bağlı da ciddi tədbirlər görülməlidir".

Bunu Sfera.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib. Vəkilin sözlərinə görə saxta əlillik dərəcəsi verən şəxslər cəzalandırılmır:

 "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata əsasən son illərdə 17 mindən çox saxta əlillik aşkarlanaraq ləğv edilib. Bu, köhnə dövrdə əlilliklə bağlı sui-istifadənin olduğunu göstərir. Təəsüflər olsun ki, qanunvericilikdə müddəalar nəzərdə tutulsa da, təcrübədə saxta əlillik verən şəxslərin məsuliyyətə cəlb olunması məsələsi öz həllini tam olaraq tapmayıb. Belə ki, saxta əlillik verən şəxslərlə bağlı bir çox hallarda qanuni ölçü götürülmür. Saxta əlilliklər ləğv olunan zaman insanın haqqı tapdalanır və həqiqətən əlil olan şəxslər kənarda qalır. Bu kimi hallar da dövlət orqanlarına və onların əməkdaşlarına qarşı vətəndaşların inamını sarsıdır. Hesab edirəm ki, sosial müdafiəyə ehtiyacı olan insanların hüquqlarının müdafiəsi üçün onları bu vəziyyətə məhkum edənlər məsuliyyətə cəlb olunmalıdır".

Vəkilin sözlərinə görə, saxta sənəd verən şəxs üç min manatadək cərimə və azadlıqdan məhrumedilmə ilə cəzalandırıla bilər:

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri, iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 39. maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən-vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ekspert saxta əlillik dərcəsinin verilməsinin qarşısının alınması üçün müəyyən mexanizmin tətbiq oluna biləcəyini vurğulayıb:

"Hesab edirəm ki, saxta əlilliklərin verilməsinin qarşısınının alınması üçün bu sahədə müəyyən dövlət proqramları işlənib hazırlanmalı, qanunvericiliyə müvafiq dəyişikliklər olunmalı, qanunsuzluqlara qarşı dərhal və vaxtında reaksiya verilməli və bu aspektdə dövlət və ictimai nəzarət mexanizmi gücləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, nəzarətin güclənməsi həqiqətən əlilliyi olan insanlara mənfi təsir göstərməsin. Belə ki, bəzi hallarda əlillik təyin edən orqan saxta əlilliyi olan şəxslərlə yanaşı əlilliyi olan şəxslərin də əlilliyini əsassız olaraq ləğv edir. Bu kimi hallarda vətəndaşlar öz hüquqlarının müdafiəsi və əllillik dərəcəsinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət edə bilər. Həqiqi əlliliyi olanların mötəbər dəlilləri mövcud olarsa, məhkəmə həmin şəxslərin əlilliyinin bərpa edilməsi barədə qərar qəbul edə bilər".

 

Artıq 25 qazi yüksək texnologiyalı protezlə təmin edilib, daha 50 qazinin də protezlərlə təminatı prosesi yekunlaşır.


 

Edaletyolu.az - ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər aparılır. İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri də dəvət olunmaqla, onlarla birgə bu kateqoriyadan olan 32 qazimizdən müvafiq ölçülər artıq götürülüb. Yaxın vaxtlarda onlar da yüksək texnologiyalı protezlərlə təmin olunacaq. Hərbi həkim komissiyaları tərəfindən təqdim edilmiş şəhadətnamələr əsasında Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi işləri də davam edir. Şəhadətləndirilmiş 600-dən çox qaziyə əlillik təyinatı aparılaraq sosial ödənişlər təyin olunub. Həmçinin reabilitasiya mərkəzlərində qazilərin sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır.

S.Babayev bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini deyib. Nazir əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, məşğulluğunun təmin olunması, əmək bazarına və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi işlərində müasir texnologiya və rəqəmsallaşmanın imkanlarından da istifadəyə də xüsusi önəm verildiyini bildirib.

İclasda əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün Milli Observatoriya tərəfindən Müayinə-Sorğu Sisteminin qurulması işləri, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cari ilin ötən dövrünə dair fəaliyyəti müzakirə olunub.


Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Mütəmadi şəkildə xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi üzərində iş gedir və hər il ciddi dəyişikliklər nəzərdə tutulur.


 

Edaletyolu.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Agentlik rəsmisi bildirib ki, bu il üçün müvafiq qurumlara təqdim edilən xidmətlər zərfində mövcud olan tibbi xidmətlərin sayının artırılması planlaşdırılır:

“Belə ki, zərfə 300-dən çox yeni tibbi xidmətlərin əlavə edilməsi gözlənilir. Yeni tibbi xidmətlərin əlavəsinə ehtiyac vətəndaşların müraciətləri əsasında formalaşır. Statistik analizlər əsasında xidmətlər zərfinə əlavə və ya çıxarılma müəyyənləşir”.

V.Qurbanov qeyd edib ki, xidmətlər zərfinə əlavə ediləcək yeni tibbi xidmətlərin siyahısına yüksək ölüm riski yaradan və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir:

“Hansı ki bundan əvvəl xidmətlər zərfində həmin xəstəliklər yer almamışdı”.

Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış olmaq mümkündür.


Azərişıq ASC 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərlə bağlı maraqlı yeniliyə imza atıb.


 

Edaletyolu.az Report-a istinadən xəbər verir ki, ASC həmin rayonların azad edilmə tarixini qeyri-əhali qrupuna daxil olan abunəçi kodlarında əbədiləşdirib.

Belə ki, abunəçi kodunun ilk seriyasından dərhal sonra həmin rayonun yaxud şəhərin azad edilmə tarixi (gün,ay və il) qeyd edilib. Hazırda bir neçə aydır istifadə edilən Şuşanın qeyri-əhali qrupu abunəçi kodları 58/081120 rəqəmləri ilə başlayır.

“Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bu addım azad edilmiş digər ərazilər üçün də atılıb:

“Əgər həmin ərazilərdə elektrik enerjisi istehlak olunursa bu o deməkdir ki, həmin rayonlarda elektrik enerjisi sayğaclarından da istifadə edilir. Həmin sayğacların da sayğac bazasında qeydiyyata alınması üçün isə mütləq abunəçi kodu olmalıdır. Abunəçi kodu dediyimiz həmin qeydiyyat kodları artıq müəyyənləşib və azad edilmiş ərazilərdəki sayğaclar həmin kodlarla fəaliyyət göstərir”.

Beləliklə, azad edilmiş rayonlarda qeydiyyata düşən qeyri-əhali qrupu abunəçilərin kodları belə olacaq.

Laçın – 42/011220

Zəngilan – 64/201020

Qubadlı – 39/251020

Kəlbəcər – 32/251120

Xocavənd – 28/091020

Qeyri-əhali qrupu üçün 9 və 11 simvoldan ibarət kod müəyyən edilib. Hazırda həmin ərazilərdə obyektlərin kodlaşdırılması və qeydiyyatı davam etdirilir.


"Təxminən iki ildir ki, pandemiya ilə bağlı məscidlər fəaliyyətini dayandırmışdı. Ayın 10-dan ibadətlərə icazə verilməsi əlamətdar hadisədir. Şükürlər olsun Operativ Qərargahın qərarına əsasən yumşalmalar başladı".


 

Edaletyolu.az xəbər verir ki, bu fikirləri Lent.az-a açıqlamasında "Cümə" məscidinin dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli bildirib.

 "Cümə" məscidinin dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli

Hacı Surxay qeyd edir ki, 50 nəfərin məscidlərdə ibadətinə icazə verilməsi sevindirici haldır. Bu az rəqəm deyil:

"Ümid edirəm ki, zamanla əvvəlki qaydalara qayıdacağıq. Bütün məscidlərdə son hazırlıq işləri həyata keçirilir. İçəri daxil olan 50 nəfər namaz qıldıqdan sonra növbəti 50 nəfər daxil olacaq. Hər namazdan sonra məscidlər dzinfeksiya olunacaq. Məscidlər hərarət ölçən avtomatik qurğulara qədər təmin olunub. Dövlətin, Operativ Qərargahın verdiyi qərarlar bizim üçün qanudur. Çalışacağıq ki, bu qanunlardan kənara çıxmayaq. Gələcəkdə ümid edirik ki, yoluxma sayı az olarsa, Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri, şeyx həzrətlərinin və Operativ Qərargahın icazəsi ilə 150-200 nəfər məsciddə rahat ibadət edər".



Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən verilən statistikaya görə, 2020-ci ildə işlə təmin olunan 96 285 nəfərdən 2049-u, 2021-ci ildə 3 ay ərzində işlə təmin olunan 31 580 nəfərin 600-ə yaxını əlilliyi olan şəxslərdir.


 

Edaletyolu.az xəbər verir ki, bu barədə  DMA-nın mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı məlumat verib.

“Özünüməşğulluq proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir. 2020-ci ildə 1 809 nəfər əlilliyi olan şəxs, 2021-ci ildə isə 3 ay ərzində 152 nəfər əlilliyi olan şəxs kiçik bizneslərinin yaradılması üçün özünüməşğulluq proqramına cəlb edilib. Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə daha 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesinin qurulması işləri aparılır. Qeyd edim ki, DMA tərəfindən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlığı kursları təşkil edilir. Əsas məqsədimiz əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına yaxından dəstək olmaqdır”, - DMA rəsmisi bildirib.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.


 

Edaletyolu.az bu barədə  nazirlikdən məlumat verilib. Məlumatda bildirilir ki, gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Yəni,

I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi,

II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi,

III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi

kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.

Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.

Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq, o cümlədən "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi olan şəxslər" sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.

Yeni "Əlilliyin müəyyən olunması meyarları"nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.


Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?


 

Edaletyolu.az  mövzu ilə bağlı professor Adil Qeybulla  açıqlama verib:

 "Epidemioloji vəziyyət stabilləşdikcə sosial həyatımızdakı digər qadağalar da aradan götürülə bilər, o cümlədən kütləvi tədbirlərin, toy mərasimlərinin keçirilməsi gündəmə gələ bilər. Bunlar da müəyyən bir formatda həyata keçiriləcək. Birinci format sayla, ikinci format isə mühitlə bağlıdır.

Qarşıdan yay gəldiyinə görə toyları açıq havada həyata keçirtmək olar. Əgər payıza doğru epidemioloji vəziyyət daha da stabilləşərsə, bunu qapalı mühitdə də keçirtmək olar. Hər şey situasiyadan asılı olacaq. Amma hesab edirəm ki, ümumiyyətlə, toyların formatı dəyişdirilməlidir. Böyük həcmli toylardan çəkinmək lazımdır.

Düşünürəm ki, hazırda toyların açıq havada təşkili prosesi məqsədə uyğun hesab edilə bilər. Toyda iştirak edənlərin say tərkibi isə təxminən 100 nəfərə qədər müəyyənləşdirilə bilər".

 


Azərbaycan Respublikasının ərazisində AVRO-2020-nin oyunlarının keçiriləcəyi günlər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə icazə verilib.


 

Edaletyolu.az bildirir ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels - İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

 Uels - İsveçrə oyununun keçiriləcəyi 12 iyun şənbə, Türkiyə - İsveçrə oyununun keçiriləcəy 20 iyun bazar günlərinə təsadüf edir. Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına əsasən isə 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulub. Başqa sözlə, 12 iyun ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə qadağa nəzərdə tutulmayıb. 20 iyunda isə bu qadağa səhər saat 06.00-dək dövrü əhatə edir və tamaşaçılar həmin gün saat 20.00-da keçiriləcək Türkiyə - İsveçrə oyunu ilə əlaqədar avtobus və metrodan istifadə edə biləcəklər.

Xatırladaq ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına əsasən 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilib.